Texnologiya əsrində Azərbaycan: Gələcəyin İT tendensiyaları və biz
Bu ilin 28 oktyabr tarixində “Facebook” rəhbərliyi ABŞ mərkəzli internet nəhənginin adını dəyişdirmək barədə qərar verdiklərini açıqladı. Bu tarixdən etibarən “Meta” adlandırılacaq şirkət, yeni adla “meta” kainatın, yəni kollektiv istifadəyə imkan verən kiber dünyanın yaradılmasını ön plana çıxarmağı hədəfləyir. Bu sözlər kiber məkanda çoxdan gözlənilən inqilabi dəyişikliyin artıq reallaşma mərhələsində olduğunun göstəricisidir.
Bu gün dəyişən dünyamız virtual reallığa keçidin astanasındadır. Texnologiyanın inkişaf tendensiyasının yaxın gələcəkdə virtual reallığı gerçəkliyin ayrılmaz parçasına çevirəcəyi aydındır. Hər gün təqdim olunan yeni texnologiyalar, proqram təminatları və süni intellektə əsaslanan sistemlər qarşımızda gələcəyin qeyri-müəyyən formasını yaradır. Gələcəyin bəşəriyyət üçün hansı imkanlar təmin edəcəyini demək çətindir, lakin daha da önəmli olan məsələ bu gələcəyin bir parçasına çevrilə bilməkdir.
İT sahəsinin sürətli inkişafı və çox az müddətdə əldə olunan böyük naliyyətlər gələcəyə ümidlə baxmağa imkan verir. Ənənəvi internet məkanı artıq yeni keyfiyyət halına təkamül edir. İstifadəçi məlumatlarının vahid mərkəzdə toplanması və emalına əsaslanan ənənəvi “Web 1” və “Web 2” sistemləri artıq yeni texnologiyalar üçün yetərli bazaya malik deyil. Ən yeni tendensiyalar istifadəçilər arasında birbaşa əlaqəni təmin edən və mərkəzləşmə amilini sıradan çıxaran “Web 3” sisteminə keçidi şərtləndirir.
“Web 3”-sistemi bizə hər hansı əlaqələndirici mərkəz olmadan qarşı tərəflə birbaşa əlaqə qurmağa və əməliyyatlar icra etməyə imkan verə bilər. Kiber məkanda müxtəlif kripto valyuta əməliyyatlarına imkan verən “Blokchain” və kiber mülkiyyəti təmin edən “Non-fungible token” kimi alt sistemlərin fəaliyyəti bu sahədə görülən işlərin ilk praktiki örnəkləridir.
Çoxsaylı istifadəçi məlumatlarını özündə cəmləşdirən “Big Data” ilə iş və süni intellekt vasitəsilə məlumatların analizi hər keçən günü daha da təkmilləşir. Texnologiya və süni intellekt artıq biznes mühitindəki nəhəng şirkətlərin satış strategiyalarını müəyyən edir, riskləri dəyərləndirir.
Bu gün “vahid mərkəz”in aradan qalxması ilə meydana gələn təhlükəsizlik qayğısı məhz “Blokchain” texnologiyası vasitəsilə aradan qaldırılır. Anonim, dağınıq və mərkəzsiz olan bu sistem hər kəsin istifadəsinə açıq olmaqla yanaşı hər hansı kənar müdaxilə riskini də sıfıra endirməyə imkan verir. Bütün bunlar sosial şəbəkələr başda olmaqla ənənəvi internet məkanın və qlobal rəqabətin yeni keyfiyyət halına keçidinin xəbərçisidir.
Bu günün və gələcəyin rəqabət meyarını daha böyük məlumatların təhlil sürəti müəyyən edir. Təsadüfi deyil ki, əksər böyük dövlətlərin və transmilli şirkətlərin əsas hədəfi təkmil kvant kompüterlərinin hazırlanmasından ibarətdir. Çox qısa zamanda böyük ölçülü məlumatları emal etmək elmi inkişafdan tibbi eksperimentlərə qədər bir çox sahədə həyati əhəmiyyətə malikdir.
On ildən çoxdur ki, süni intellekt əsaslı sistemlərin hazırlanması və alternativ dünya yaratmağa iddialı “Metaverse” üçün ilk addımların atılması gələcəyimizi şəkilləndirməyə başlayır. Yeni gələcəkdə hansı ölçüdə təmsil olunacağımız, öz maraqlarımızı hansı səviyyədə reallaşdıracağımız isə bu gün həll etməli olduğumuz ən vacib problemdir.
İstər real, istərsə də virtual reallıqda güc sahibi olmaq və öz maraqlarını təhlükəsiz şəkildə təmin etmək İT sahəsindəki inkişafla müəyyən olunur. İnformasiya Texnologiyaları zəmanəmizin yeni yarış meydanıdır. Hər kəs burada öz sözünü deməyə və varlığı artıq zərurətə çevrilən gələcəkdə pay sahibi olmağa çalışır. Başqa maraqların istəyi ilə qurulan bir gələcək ssenarisi, bir dövlət üçün gələcəkdəki ən arzuolunmaz distopiyadır.
Son illərdəki inkişaf xüsusiyyətləri nəzərə alındığında Azərbaycan həm demoqrafik, həm də mövcud imkanlar baxımından İT sahəsinin yüksəlişi üçün əlverişli ölkə hesab oluna bilər. Xüsusilə ölkədə son illərdə bu sahəyə artan maraq, hərbi sənayedən, tibbə qədər bir çox sahədə İT texnologiyalardan səmərəli istifadənin genişlənməsi və texnopark sənayesinin inkişafı qlobal rəqabət müstəvisində Azərbaycanın mövqeyinin göstərcisidir. Bu mövqe hər keçən gün ölkədəki innovativ yanaşmalar və startaplar hesabına gələcəyə ümid və inam yaradır.
Bu gün Azərbaycan dünyaya öz gücünü sübut etmiş ölkədir. Lakin güc amilinin xarakteri hər keçən il dəyişir. Hibrid müharibələrin və kiber hücumların aktuallaşdığı bir dünyada gücü texnologiya və ondan səmərləri istifadə müəyyən edir. Hərbi, iqtisadi və siyasi sahədə qazanılan uğurlarla yanaşı, bu uğurların texnoloji arxaplanının formalaşdırılması da bir o qədər önəmlidir.
Artıq mübarizə müstəvisi dəyişir və qlobal siyasətin oynandığı real meydan virtual sistemlə əvəz olunur. Bu gün Azərbaycan üçün də yeni reallıqda təmsil olunmaq və öz maraqlarını real dünyada olduğu kimi təmin etmək uğurlu gələcəyin zəruri təməl daşıdır.