2021-ci il Azərbaycan üçün nələrlə yadda qaldı

Ilham Nagiyev
6 min readJan 4, 2022

44 günlük müharibə faktiki olaraq Azərbaycan ən yeni tarixini iki hissəyə bölüb. 30 ilə yaxın davam edən atəşkəs dövrü və ərazi bütövlüyünün bərpa olunması nəticəsində başlayan yeni dövr müstəqil Azərbaycanın tarixində özünəməxsus cəhətləri ilə fərqlənir. Vətən müharibəsindən sonra arxada qoyduğumuz 2021-ci il ərazi bütövlüyünü və süverenliyini təmin etmiş Azərbaycan üçün önəmli sınaqlarla yadda qalan bir il oldu.

30 ilə yaxın hakim olan “status-kvo”-nun dağıdılması yeni münasibətlərin və regional nizamın formalaşması, Azərbaycanın yeni keyfiyyət halına keçidi sübutu oldu. Cənubi Qafqaz regionunda dəyişən oyun qaydaları Azərbaycanın Türkiyə, Rusiya, İran, Gürcüstan və digər Xəzəryanı ölkələrlə mövcud olan münasibətlərinə də təsirsiz ötüşmədi. 2021-ci il Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi prosesi Azərbaycanın regiondakı yeni güc balansını qorumasını şərtləndirirdi. Xüsusilə Zəngəzur dəhlizi, Qaragöl və Kəlbəcərdəki anlaşmazlıqların Azərbaycanın maraqları çərçivəsində həll olunması bu uğurun konkret nümunələri ola bilər.

Yeni Azərbaycanın region dövlətləri tərəfindən qəbullanılması prosesində bir sıra anlaşmazlıqlar yaşansa da, bu regionda yeni qaydaların hakim olduğu gerçəyini dəyişdirə bilmədi.

Xarici siyasət sahəsində görülən işlər beynəlxalq arenada Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi ilə nəticələndi. 44 günlük müharibə dövründə Azərbaycanı hədəf alan bir sıra ölkələrlə münasibətlər yenidən nizamlandı. Parallel olaraq Azərbaycanın Türkiyə və Xəzəryanı ölkələrlə münasibətlərinin inkişaf etdirilməsi yeni strateji əməkdaşlıq perspektivlərinin yaradılması baxımından da əhəmiyyətli oldu. “Türk Dövlətləri Birliyi”-nin yaradılması ilə Azərbaycan Mərkəzi Asiyadan Avropaya qədər uzanan coğrafiyada Türkiyə ilə birgə əsas geosiyasi aktora çevrildi. Xüsusilə 2021-ci il ərzində Türkiyə və Azərbaycan dövlət başçıları arasında başa tutan çoxsaylı görüşlər türk birliyinin yaxın gələcəkdə regionun geosiyasi reallığında daha fəal rol oynayacağının anonsları idi. Bu ilin sonunda Türkiyə ilə Cənubi Qafqaz ölkələrini əlaqələndirəcək yeni avtomobil tunelinin açılması da qardaş Türkiyənin regiona olan marağının və ikitərəfli əlaqələrin gələcək perspektivlərinin əsas göstəricisidir.

Azərbaycan 2021-ci ildə də Qoşulmama hərəkatına rəhbərliyi davam etdirərək pandemiya ilə mübarizə, qlobal iqtisadi böhran və qarşılıqlı əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olub. Qoşulmama Hərəkatına sərdlik edən Azərbaycan COVID-19-dan sonra qlobal bərpaya dair BMT- nin Yüksək Səviyyəli Panelinin yaradılması təşəbbüsü ilə çıxış edib. Görülən işlər sayəsində Hərəkata üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il — 2023-cü ilin sonuna qədər uzadılmasına qərar verdi.

Azərbaycan qələbə əzmini çox qısa zamanda quruculuq və yenidən qurma fəaliyyətlərinə yönləndirməkdə də uğurlu oldu. Qələbədən keçən bir il ərzində azad edilmiş regionlarda görülən ciddi yenidənqurma işləri, bərpa olunan nəqliyyat infrastrukturu və enerji təminatı bu uğurlardan bəziləridir. Qarabağda yenidənqurma və davamlı rifaha nail olmaq məqsədilə “Qarabağ Dirçəliş Fondu”nun yaradılması, şəhid olan, yaralanan hərbiçilərə və onların ailələrinə dəstək tədbirləri icra edən “Yaşat” Fondunun fəaliyyətinin genişləndirilməsi də uğurlar sırasında qeyd oluna bilər.

2021-ci il Qarabağda Füzuli hava limanının açılışı, Zəngilan və Laçın hava limanlarının təməllərinin atılması ilə yadda qaldı. Füzuli ilə Şuşanı birləşdirən “Zəfər yolu”-nun istifadəyə verilməsi, Horadiz-Ağbənd dəmir yolunun və Murovdağ tunelinin inşası işğaldan azad olunan torpaqların inteqrasiyası baxımından olduqca önəmli addımlardır. Tamamilə dağıdılmış Ağdam şəhərinin yenidən bərpası məqsədilə avtomobil və dəmir yolu layihələrinin icrası, yaşayış komplekslərinin və yeni qəsəbələrin salınması həyata keçirilir. Bölgədə iqtisadiyyatın, yerli istehsalın və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə imkan verəcək “Ağdam Sənaye Parkının” yaradılmasına başlanılıb.

2021-ci ilin bir digər uğuru isə işğaldan azad edilən ərazilərin inkişafı məqsədilə yeni “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları hazırlanaraq tətbiq olunması oldu. İlk örnəkləri Zəngilan rayonunun Ağalı kəndində tətbiq olunan “Ağıllı kənd” layihəsi alternativ enerji mənbələrinə və ən qabaqcıl texnologiyaların tətbiqinə əsaslanır. Yaxın gələcəkdə Qarabağın digər bölgələrində də oxşar konsepsiyaya uyğun yaşayış məntəqələrinin tikintisi nəzərdə tutulur.

İşğaldan azad olunan ərazilərə xarici investisiyanın cəlb olunması və dayanıqlı inkişafın təmin olunması məqsədilə sənaye parklarının və logistik mərkəzlərin yaradılması olduqca önəmlidir. 2021-ci ildə yaradılan “Araz Vadisi İqtisadi Zonası”-nın işğaldan azad edilmiş ərazilərdə məskunlaşmanın və nəqliyyat-logistika imkanlarından istifadə edərək regional iqtisadi-ticarət əlaqələrini genişləndirməyə xidmət etməsi planlaşdırılır.

Ermənistan tərəfi ilə davamlı sülh və regional əməkdaşlıq istiqamətində görülən işlər ötən ilin başlıca uğurları içərisində dəyərləndirilə bilər. 30 ilə yaxın düşmən münasibətdə olan iki ölkə arasında müxtəlif səviyyələrdə keçirilən görüşlər, əldə olunan ilkin nəticələr tarixi münaqişənin sona çatdığını deməyə əsas verir. Soçi və Brüssel görüşlərində Azərbaycanın verdiyi müsbət mesajlar və atdığı addımlar regional təhlükəsizliyin təmin olunmasındakı rolu bir daha ortaya qoyur.

2021-ci il həm də pandemiya ilə mübarizənin davam etdiyi və virusun yeni növlərinin ortaya çıxdığı bir il oldu. Azərbaycan əvvəlki illərlər müqayisıdə alınan dərslər və cəld reaksiya imkanları ilə “Covid-19”-a qarşı effektiv mübarizəni davam etdirdi. Ölkədə peyvəndlənmə prosesinin yüksək inkişaf etmiş ölkələrlə eyni səviyyədə həyata keçirilməsi bu sahədəki fəaliyyətlərin real görüntüsüdür. Bu il ərzində Azərbaycan pandemiya ilə mübarizə məqsədilə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı, eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə töhfəsi və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə etmişdir.

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə layihəsi irəli sürüb və bu qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul edilib. Məhz bu qətnamə Azərbaycanın dünyada güclənən peyvənd millətçiliyinə qarşı mövqeyinin göstəricisi olmuş və beynəlxalq uğurlarından birinə çevrilmişdir.

Dünya ölkələrinin qlobal iqtisadi böhran və inflyasiya riski ilə mübarizə apardığı bir dövrdə Azərbaycanın öz mövqeyini qoruyub saxlaması 2021-ci ilin uğurları sırasında qeyd oluna bilər. Bu prosesdə 2020-ci illə müqayisədə 2021-ci il ərzində neft və qaz qiymətlərində müşahidə olunan yüksəlişin də rolu qeyd olunmalıdır. Lakin bu cür obyektiv amillərlə yanaşı Azərbaycanın daxili və xarici bazara hesablanmış addımları da müəyyənedici faktor hesab oluna bilər. Xüsusilə qlobal ərzaq böhranının gündəmdə olduğu dövrdə Azərbaycanın öz qida təminatını yaxşılaşdırması istiqamətindəki atdığı addımlar, ərazilərin minalardan təmizlənməsi, əkinçiliyə yararlı torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı komplekslərinin bərpası iqtisadi potensialın güclənməsinə və böhran riskinin qarşısının alınmasına şərait yaradır.

Arxada qoyduğumuz il Azərbaycanın rəqəmsallaşma, innovasiya və yüksək texnologiyaların tətbiqi, bu istiqamətlər üzrə gələcək perspektivlərin müəyyən olunması baxımından da olduqca əhəmiyyətli olub. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək ölkə seçilib və Ümumdünya İqtisadi Forumu ilə Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı saziş imzalayıb. İnformasiya texnologiyaları sahəsinə qoyulan sərmayənin artırılması və texnoloji yeniliklərin sənaye sahələrinə inteqrasiyası Azərbaycanın gələcək obrazını müəyyən edir.

2021-ci ildə “Dostluq” yatağına dair Anlaşma Memorandumunun imzalanması Xəzər dənizi və onun hüdudlarından kənarda gələcək enerji əməkdaşlığı üçün uğur nümunəsi hesab oluna bilər. Azərbaycan təkcə karbohidrogen ehtiyyatları ilə deyil, həmçinin bərpa olunan enerji sahəsində “ACWA Power” və “Masdar” kimi dünyanın aparıcı şirkətləri ilə də əlaqələrini inkişafına nail olub və bu sahəyə sərmayə qoyulması istiqamətində fəal iş aparır. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” bölgəsi elan edilməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində sərgilədiyi mövqeyin əsas göstəricisidir. Bu məqsədlər çərçivəsində Azərbaycan “BP” şirkəti ilə işğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin yaradılması istiqamətində memorandum imzalayıb və əməkdaşlığı genişləndirib.

Ümumilikdə 2021-ci il Azərbaycan üçün regional və qlobal müstəvidə özünütəsdiqə imkan verən uğurlarla yadda qaldı. Pandemiya şəraiti və Vətən müharibəsi kimi amillərin təsirlərinə baxmayaraq, Azərbaycan öz inkişaf strategiyasının sağlam təməllər üzərində inşa edildiyini sübut etdi. Qarşıda isə Azərbaycan yeni sınaqlarla qarşılaşacaq və bu günün rasional, gələcəyə yönəlik inkişaf tendensiyaları gələcək uğurların təminatçısı olacaq.

--

--

Ilham Nagiyev

Economist, author, IT entrepreneur, Partner at GESCO Security